Qvardiola De Bröynenin gələcəyi ilə bağlı sualı cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bröynenin gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Yahoo Sports” dərgisinə istinadən, ispan mütəxəssisin belçikalı futbolçunun “şəhərlilər”in düşərgəsindəki gələcəyi ilə bağlı cavabını təqdim edir:

“Bu sual klub, Kevin və onun agenti arasında bir məsələdir. Bu, kluba və Kevinə yönəldilməli bir sualdır. Qulaq asın, siz başa düşməlisiniz ki, bizim vəziyyətimizdə mən komanda və mövsümü ən yaxşı halda başa vurmaq haqda qayğılanmalıyam.

Biz hamımız klub və komanda üçün ən yaxşısı haqda düşünməliyik ki, hələ də qarşımızda İngiltərə Kubokunda, Premyer Liqada və klublararası dünya çempiontında dayanmış məqsədlərə çata bilək”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, hücumameylli yarımmüdafiəçi Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Son aylarda zədədən əziyyət çəkməsinə rəğmən, cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 30 oyun keçirib, 4 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 412 oyun, 106 qol və 174 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib, 30 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: