Dieqo Simeone UEFA-nı ittiham etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in Çempionlar Liqasından kənarlaşdırılmasına görə UEFA-nı ittiham edib.

Arena.az xatırladır ki, yarışın 1/8 final görüşünün ilk oyununda səfərdə “Real”a 0:1 hesabı ilə məğlub olmuş “Atletiko” evdəki cavab oyununda eyni hesabla qalib gəlib oyunu penaltilər silsiləsinə daşısa da, burada hakimin mübahisəli qərarı ilə 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Dieqo Simeone bu məsələ ilə bağlı açıqlamasında bunları dilə gətirib:

“Biz Çempionlar Liqasında əla çıxış etdik, yaxşı yarışırdıq və ikinci oyunda qalib gəldik, amma çıxışımızı UEFA-da qərar verildiyi kimi bitirdik. Biz qalib gəldik, amma kənarlaşdırıldıq. Mən bunu müvəffəqiyyətsizlik hesab etmirəm, baş vermiş hadisə tamilə açıq-aşkar idi”, – “Goal” dərgisi argentinalı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, oyunsonrası penaltilər silsiləsində hesab 2:1 “Real”ın xeyrinə ikən “döşəkçilər”in ikinci penaltisini vurmaq üçün “nöqtə”yə yaxınlaşmış argentinalı hücumçu Xulian Alvares dəqiq olsa da, zərbənin icrası zamanı texniki naşılığa yol vermişdi. Alvares zərbə vurmaq istəyərkən sürüşüb yıxılmışdı. Hakim argentinalı futbolçunun topa iki dəfə toxunuş etdiyini əsas gətirərək, qolu ləğv etmişdi. Beləcə “Real” həm hesab və həm də psixoloji üstünlüyünü saxlayaraq, penaltilər silsiləsini öz xeyrinə uğurla başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: