“Bayern” Hiroki İtonu da itirdi

Almaniya Bundesliqasının 27-ci turunun “Sankt Pauli” ilə ev oyunu “Bayern”in yapon mərkəz müdafiəçisi Hiroki İto üçün xoşagəlməz bitib.

Arena.az Münhen klubunun rəsmi saytına istinadən məlumat verir ki, oyunda zədələnmiş İtonun sağ ayağının daraq sümüyünün sındığı məlum olub.

Xatırladaq ki, İto daha əvvəl də, 2024-cü ilin iyul ayında müvafiq zədə almış, xeyli müalicədən sonra, cari ilin fevral ayında sıraya qayıtmışdı.

Vurğulanır ki, “Bayern” İtonun xidmətindən uzun müddət istifadə edə bilməyəcək, dəqiq müddət isə açıqlanmır, belə ki, İtonun qayıdışı bərpa mərhələsində futbolçunun orqanizminin zədəyə necə qarşılıq verəcəyindən asılı olacaq.

Xatırladaq ki, “Bayern” daha əvvəl iki futbolçusunun xidmətindən məhrum olub – kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis və fransalı mərkəz müdafiəçisi Dayoçankul Upamekano sıradan çıxıblar.

Mərkəz müdafiəçisi Hiroki İto “Cubilo İvata”nın məzunudur. İto karyerası ərzində həmçinin “Noqoya Qrampus” və “Ştutqart”da oynayıb. “Bayern” İtonu 2024-cü ilin iyul ayında “Ştutqart”dan 23,50 milyon avro məbləğ müqavilində tamhüquqlu əsasda münhenlilərin düşərgəsinə qatıb. Yapon futbolçunun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İto “Bayern” üçün cəmi 8 oyun keçirib, 1 qol vurub.

Hiroki İto 2022-ci ilin iyun ayında debüt etdiyi Yaponiya yığmasının heyətində 21 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Hiroki İto böyük futbolda hələ heç bir qənimət qazamayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı yapon mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: