Fernando Santos ittihamları rədd etdi: “Yalandır”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmin şayiələri rədd edərək, media nümayəndələri və futbol ictimaiyyəti üçün bu məsələlərə aydınlıq gətirib.

O, Şahruddin Məhəmmədəliyevin komandanının düşərgəsindən niyə erkən ayrıldığına şərh verib:

“Milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən tibbi arayış alıram. Belarus yığması ilə matç üçün tibbi rəydə hazır olmadığı göstərilən yeganə oyunçu Şahruddin Məhəmmədəliyev olub. Qapıçımızla aramızda söhbət olub, bundan sonra o, toplanışdan azad edilib və yerinə Əlirza Müştabazadə dəvət olunub. Ümumiyyətlə, məşqçi karyeram ərzində heç vaxt “oynamağa hazır deyil” diaqnozu qoyulan futbolçunu oynatmamışam. Rza Cəfərovun sağlamlıq durumu qaydasında olduğu üçün meydana o çıxıb və çox yaxşı çıxış edib”.

Fernando Santos Haiti yığması ilə qarşılaşmada qırmızı vərəqə almış Elvin Cəfərquliyevin, həmçinin Şahruddin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqları ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

“Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahruddin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin “Futbolçunu cəzalandıracaqsınızmı”, – sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: “Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq. Mən həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: