“Mançester Siti” “şəhərlilər”in 24 yaşlı norveçli mərkəz hücumçusu Erlinq Halandın zədəsi ilə bağlı bəyanat yayıb.
Arena.az məlumat verir ki, İngiltərə Kubokunun “Bornmut”la 1/4 fnalının səfər oyunundan (2:1) sonra, Halandın zədə aldığı məlum olub.
“Erlinq Mançesterdə ilkin tibbi müayinədən keçib və indi zədənin şiddət dərəcəsini tam təsdiqləmək üçün mütəxəssislərə müraciət edəcək.
Son təxmini müəyyənləşdirmək üçün, zədənin ciddilik qiymətləndirilməsi davam edir. Gözlənilir ki, Haland oyuna qayıda və qarşıdakı klublararası dünya çempionatı da daxil olmaqla, mövsümün qalan hissəsində çıxış edə bilər” – “şəhərlilər”in rəsmi bəyanatında deyilir.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 30 qol vurub, 4 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 138 oyun, 120 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 41 oyuna 40 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).


