MLS Lionel Messinin cangüdəninə qadağa qoydu

MLS təmsilçisi “İnter Mayami”nin kapitanı, argentinalı ulduz hücumçu Lionel Messinin cangüdəni Yassin Çeuko qadağa ilə üzləşib.

Arena.az “Bolavip” dərgisinə istinadən məlumat verir ki, MLS cangüdənə oyunlar zamanı qaçaraq meydana daxil olmağı yasaqlayıb.

Mənbənin məlumatına görə, müvafiq qadağa bundan qaynaqlanır ki, hər bir stadionda əlavə köməyə ehtiyacı olmayan təhlükəsizlik xidməti fəaliyyət göstərir. “Leo”nun cangüdəni isə argentinalı ulduzla şəkil çəkdirmək üçün meydana soxulmuş azarkeşləri saxlamaq üçün iş başına keçməklə, dəfələrlə diqqət mərkəzinə düşüb.

Yassin Çeuko özü isə qadağa ilə üzləşməsi barədə belə açıqlama verib:

“Mənə meydana daxil olmağa daha icazə vermirlər. Mən Avropada yeddi il işləmişəm, Liqa 1-də və Çempionlar Liqasında. Bu müddət ərzində isə meydana cəmi altı adam soxulub. ABŞ-a gələndən bəri isə cəmi 20 ay ərzində meydana 16 soxulma cəhdi olub.

Burada böyük fəsad var. Mən fəsad deyiləm – mənə, “Leo”ya kömək etməyə icazə verin. Mən MLS-i sevirəm, amma bizə birgə işləmək gərəkdir. Mən kömək etməyi sevirəm. Mən kimdənsə yaxşı deyiləm, amma mənim Avropa təcrübəm var. Amma əlbəttə, mən Liqanın da qərarını anlayıram”, deyə Çeuko vurğulayıb.

Xatırladaq ki, Yassin Çeuko ABŞ ordusunun keçmiş xüsusi təyinatlısıdır. Əlbəyaxa döyüş sənəti ilə məşğul olan Çeuko İraq və Əfqanıstandakı müharibələrdə iştirak edib və həmçinin MMA-nin bir neçə döyüşündə çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: