Marsel “Olimpik”inin baş məşqçisi Roberto De Zerbi “cənublular”ın ingiltərəli sağ cinah hücumçusu Meysaon Qrinvud haqda söhbət açıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Qrinvud – anadangəlmə istedaddır. Bütün xidmətlər onun atası və anasına aiddir. Mən isə onun daha da təkmilləşməsinə müvəffəq olmaq üçün buradayam. Ona qucaq və dəstək sözləri gərək olanda, mən onları fərəhlə verirəm. Həmçinin mən, onun daha da artığını etməsi üçün ona təkan verilməsinə ehtiyac hiss edəndə, bunu etməliyəm, çünki bu, mənim işimdir.
Hər şeydən öncə, mən ona, onun, azarkeşlər üçün və burada, “Velodromda” oynamış ən böyük oyunçulardan biri kimi yadda qalması üçün kömək etmək istərdim. Burada çoxlu böyük oyunçu olub, amma mən düşünürəm ki, Qrinvud, onun məhz müvafiq xüsusiyyətlərlə yadda saxlanılması üçün bütün keyfiyyətlərə malikdir. Mən onu inkişaf etdirməyə çalışıram”, deyə De Zerbi vurğulayıb.
Marsel “Olimpik”i Meyson Qrinvudu 2024-cü ilin iyul ayında “Mançester Yunayted”dən tamhüquqlu əsasda satın alıb. Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngiltərəli futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qrinvud Fransa nəhənginin heyətində heç də pis təsir bağışlamır. Meyson cari mövsümdə “Olimpik” üçün keçirdiyi 30 oyunda 17 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçirib. İngilis hücumçu “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır. Çünki Meyson zorlama işə bağlı ittihamla üzləşmiş, sonradan təqsirini etiraf edərək, zorladığı xanımla ailə qurmuş və həmçinin bu ittihamla bağlı futbolçu karyerasına fasilə verməli olmuşdu. Bu xoşagəlməz məqam Qrinvudun “Mançester Yunayted”dən və milli yığma komandadan uzaq düşməsinə səbəb olmuşdur.
Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


