Robert Levandovski ÇL-də müstəsna rekorda imza atdı

Çempionlar Liqası 1/4 finalının Dortmund “Borussiya”sı ilə evdə ilk oyunu “Barselona”nın polyak ulduzu Robert Levandovskiyə düşərli olub.

Arena.az xatırladır ki, “Lyova” “blauqrana”nın 4:0 hesablı qələbəsinə vurduğu dübarə qolla töhfəsini verib.

Beləliklə Levandovski qitənin ən mötəbər klub yarışında müstəsna rekord müəyyənləşdirib. Belə ki, Levandovski “Barselona”nın heyətində cari mövsüm Çempionlar Liqasında 10-cu qolunu vurmaqla, mötəbər yarışda üç müxtəlif klubun heyətində 10 qol vurmağı bacarmış ilk oyunçu ünvana sahib olub.

Buna qədər Levandovski “Bayern”də və Dortmund “Borussiya”sında müvafiq nailiyyətə imza atıb.

Ümumilkdə Levandovskinin hesabında Çempionlar Liqasında 105 qol var, bu isə mötəbər yarışın ən sərrast qolçuları arasında 3-cü nəticədir.

Çempionlar Liqasının ən sərrast qolçusu Krsitiano Ronaldodur – 140 qol. Lionel Messi isə ikincidir – 129 qol.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 45 oyuna çıxıb, 40 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 140 oyun, 99 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 157 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: