Almaniya yığmasının əfsanəvi keçmiş qapıçısı Oliver Kan müflis olaraq yüksək liqadadan yuvarlanmış “Bordo”nu satın almaq istəyir.
Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, Kan bu məqsədlə, əlaqədar ünvanlara rəsmi təkliflə müraciət edib.
Oliver Kan “Bordo”nu satın almaq üçün 30 milyon avro məbləğində təzminat haqqını ödəməyə hazırdır.
Vurğulanır ki, göstərilmiş məbləğin ödənişə hazır olmasına rəğmən, sövdə hələ başa çatmayıb. Hazırda, bir çox kargüzarlıq təfərrüatının öz həllini tapması tələb edilir.
Oliver Kan “Bordo”nu yaxın illərdə Fransa Liqa 1-ə qaytarmağa iddialıdır.
Xatırladaq ki, vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi həvəskarlar liqasında çıxış edir. Bu isə 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin böyük futbolda öz mövcudluğunu başa vurması deməkdir. “Bordo” maliyyə fəsadları ilə üzləşərək bu aqibəti yaşayır.
“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.


