“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen indiki baş məşqçi Hans Fliklə keçmiş çalışdırıcısı Xavi Ernandes arasında müqayisə aparıb.
Arena.az alman qapıçının müvafiq qənaətini təqdim edir:
“Onlar çox müxtəlifdirlər. Xavi burada əfsanədir. Hansi Flik də işinin öhdəsindən əla gəlir. Mən demirəm ki, bir məşqçi o birindən yaxşıdır, yox, onlar fərqlidirlər”, deyə Ter Ştegen vurğulayıb.
Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.


