Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 finalının Dortmund “Borussiya”sı ilə cavab oyunu “Barselona” üçün uğursuz alınıb.
Arena.az xəbər verir ki, İspaniya nəhəngi bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Nəticədə “Barsa” 2025-ci ildə ilk məğlubiyyətini yaşayıb. Kataloniya təmsilçisi bütün turnirlər nəzərə alınmaqla 24 oyundan sonra məğlubiyyətə üzülüb. İspaniya klubu bu müddətdə 20 qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Hansi Flikin çalışdırdığı komanda sonuncu dəfə 2024-cü il dekabrın 15-də İspaniya La Liqasının 17-ci turunda “Leqanes”ə uduzmuşdu – 0:1.
Xatırladaq ki, “Barselona” “Borussiya”ya səfərdə uduzsa da, ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyindən ÇL-in yarımfinalına yüksəlib. İspaniya nəhəngi növbəti mərhələdə “İnter” (İtaliya) – “Bayern” (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.


