Xabi Alonso “Real”a təyinatı ilə bağlı şayiələri cavabladı

“Bayer”in baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso “Real”ın sükanı arxasında təyinatı ilə bağlı şayiələri cavablayıb.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, Alonsonun “qaymaqlılar”ın təmsilçiləri ilə danışıqlar apardığı, “Bayer”in isə məşqçisinin gedişini gözlədiyi haqda xəbərlər yayılıb.

“Bizim üçün bu (“Real”la bağlı şayiələr – redaktorun qeydi), heç nədir. Biz mövsümün qalan hissəsinə köklənmişik. Qarşıda çempionat çərçivəsində keçirməli olduğumuz beş oyun var, biz isə bu haqda düşünməliyik.

Gələcək haqda danışmaq gərək deyil. Diqqəti azdırıb-itirmək – bu, yaxşı deyil. Müvafiq mövzu indi vacib deyil. Möhtəkirlik haqda, şayiələr və ya gələcək haqda çox danışmaq istəmirəm. Bu, düzgün hazırlıq üçün heç də yaxşı deyil”, deyə Alonso vurğulayıb.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Xabi Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 135 oyuna çıxarıb, 88 qələbə, 29 heç-heçə, 18 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 306:146 nisbətindədir.

29 oyundan 63 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: