Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki görüş eyni günə təsadüf edəcək.

Günün ilk qarşılaşması “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Bu matç Rəvan Həmzəzadəyə həvalə olunub. Tərəflər arasındakı ilk oyun Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0. Bu üzdən də Ağdam təmsilçisinə mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlmək lazımdır. “Araz-Naxçıvan” isə ən azı heç-heçə sayəsində də finala yüksələ biləcək.

Digər finalçının adına “Sabah” – “Neftçi” görüşündə aydınlıq gələcək. Paytaxt təmsilçilərinin görüşünü İnqilab Məmmədov idarə edəcək. “Neftçi”nin meydanında keçirilmiş ilk oyunda “Sabah” 2:1 hesablı qələbəyə sevinib. Bu üzdən “bayquşlar” evdə heç-heçə sayəsində də finala çıxa bilərlər. “Neftçi”yə isə səfərdə mütləq inamlı qələbə qazanmaq lazımdır.

Qeyd edək ki, Premyer Liqada avrokuboklara vəsiqə qazanmaq şanslarını demək olar ki, itirmiş paytaxt təmsilçilərinin hər ikisi bütün ümidlərini kuboka bağlayıblar. Bu üzdən uğursuzların finala bərabər duelində kimin sevinəcəyi böyük maraqla gözlənilir.

Sonda onu da xatırladaq ki, Azərbaycan Kubokunda cari mövsümün qalibi mayın 31-də keçiriləcək final oyununda bəlli olacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
İlk oyun – 2:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: