“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finala yüksəldi!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu finalçının adına “Sabah” – “Neftçi” görüşündə aydınlıq gəlib.

Paytaxt təmsilçilərinin görüşünü İnqilab Məmmədov idarə edib. “Neftçi”nin meydanında keçirilmiş ilk oyunda “Sabah” 2:1 hesablı qələbəyə sevinmişdi. Bu üzdən “bayquşlar” evdə heç-heçə sayəsində də finala çıxa bilərdilər. “Neftçi”yə isə səfərdə mütləq inamlı qələbə qazanmaq lazım idi.

Qeyd edək ki, Premyer Liqada avrokuboklara vəsiqə qazanmaq şanslarını demək olar ki, itirmiş paytaxt təmsilçilərinin hər ikisi bütün ümidlərini kuboka bağlayıblar. Bu üzdən uğursuzların finala bərabər duelində kimin sevinəcəyi böyük maraqla gözlənilirdi.

Bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin hərəyə bir qol vurduğu oyun bərabərliklə yekunlaşdığı üçün finala vəsiqəni bayram edən tərəf “Sabah” olub. Paytaxt klubu tarixində ilk dəfə ölkə kubokunda final həyəcanı yaşayacaq.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırmış “Qarabağ” da finala yüksəlmişdi. Azərbaycan Kubokunda cari mövsümün qalibi mayın 31-də keçiriləcək final oyununda bəlli olacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

“Sabah” – “Neftçi” 1:1
Qollar: Jesse Sekidika, 23 – Emin Mahmudov, 40.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
İlk oyun – 2:1.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namiq Ələsgərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: