Ötən gün yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırmış “Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalın ilk oyununda 0:1 hesabıyla uduzduğu “Araz-Naxçıvan”ı cavab görüşündə 3:0 hesabıyla yenərək həlledici oyunda iştirak hüququ qazanıb. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan Ağdam klubu 11 dəfə buna nail olmuş “Neftçi”ni geridə qoyub.
“Qarabağ” əvvəlki 11 finalın 8-də – 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə – 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub.


