Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Betis” klubu mərkəz müdafiəçisi Mark Bartra ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Mark Bartra “Barselona”nın yetirməsidir. O, 2010-2016-cı illər aralığında bu klubun əsas komandasında çıxış edib. 2016-cı ildə isə müdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) klubuna keçib. Almaniyada cəmi 2 mövsüm keçirmiş futbolçu 2018-ci ilin yanvarından 2022-ci ilin avqustuna kimi məhz “Betis”də çıxış edib. O, həmin müddət ərzində bu komandanın heyətində 5 mövsüm ərzində 146 matça çıxıb, 7 qol vurub. 2022/2023-cü illər mövsümünü Türkiyənin “Trabzonspor” klubunda keçirmiş Bartra 2023-cü ilin yayında yenidən “Betis”ə qayıdıb.
Mərkəz müdafiəçisi bu mövsüm “Betis”in heyətində 29 matça çıxıb. O, bu oyunlarda 3 qol vurub, 2 sarı vərəqə ilə cəzalanıb. İspan futbolçunun “Betis”dəki ümumi statistikası 179 oyun, 10 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Mark Bartra 2013-cü ilin noyabr ayında debüt etdiyi İspaniya millisində də 14 oyun keçirib. O, bu oyunlarda 1 qola imza atıb.
“Betis” İspaniya La Liqasında 32 turdan sonra 51 xalla 6-cı pillədə qərarlaşıb.


