Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyevlə təmsil olunub.
Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Həlledici matça saat 19:00-da start veriləcək.



