“Bayern”in 31 yaşlı ingilis mərkəz müdafiəçisi Erik Dayer cari mövsümün başa çatması ilə azad agent qismində “Monako”ya qoşulacaq.
Arena.az bu barədə “Monako”nun mətbuat xidmətinə istinadən məlumat verir:
“Biz, iyun ayının 1-də komandamıza Münhen “Bayern”indən Erik Dayerin keçəcəyini bildirməyə şadıq! Evinə xoş gəldin, Dayer!”, – Knyazlıq klubunun müvafiq bəyanatında deyilir.
Erik Dayer 2024-cü ilin yanvar ayında “Tottenhem”dən icarə əsasında “Bayern”ə keçib. Bir müddət sonra ingilis futbolçunun icarə müddəti bitdikdən sonra Almaniya nəhənginin düşərgəsində qalacağı açıqlanıb.
Dayer cari mövsümdə “Bayern”in heyətində bütün yarışlar çərçivəsində 27 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Dayerin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 47 oyun, 3 qol və 1 məhsulsar ötürmədən ibarətdir.
Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avro məbləğ müqabilində “Tottenhem”ə satıb.
Erikin futbolçu karyerasının böyük hissəsi “Tottenhem”də keçib. Dayer “mahmızlar”ın heyətində 365 oyuna çıxıb, 13 qol və 12 məhsular ötürmə ilə fərqlənib. Dayer böyük futbolda cəmi bircə qənimət qazanıb – 2024/2025-ci illər mövsümü Almaniya Bundesliqası.
Erik Dayer 2015-ci ilin noyabr ayında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.



