“Napoli”nin şotland yarımmüdafiəçisi Skott Maktominey İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
28 yaşlı yaşlı futbolçu cari mövsümdə A Seriyası çərçivəsində 34 oyuna 12 qol vurub və 6 məhsuldar ötürmənin müəllifi olub.
Xatırladaq ki, “Napoli” 38 turun yekununda 82 xalla İtaliya çempionu olub.
“Napoli” Maktomineyi 2024-cü ilin avqustunda “Mançester Yunayted”dən transfer edib. Keçid İtaliya klubuna 30,5 milyon avro məbləğ müqabilində başa gəlib. Şotland futbolçu italyan klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. “Mançester Yunayted” keçmiş futbolçusunun gələcək satışından müəyyən faizdə qazanc əldə etmək hüququnu özündə saxlayıb.
Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib. Skott Maktomineyin “qırmızı şeytanlar”ın heyətində çıxşının ümumi mənzərəsi 255 oyun, 29 qol və 8 məhsudar ötürmədən ibarətdir.
Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.
Cari mövsümdə Maktominey “Napoli” üçün 39 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.
Skott Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 58 oyun keçirib, 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


