Artıq məlum olduğu kimi, “Napoli” futbol üzrə İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.
Arena.az məlumat verir ki, “eşşəkciklər”in 55 yaşlı italyan baş məşqçisi Antonio Konte üç müxtəlif komanda ilə İtaliya çempionu adını qazanmağa müvəffəq olmuş ilk mütəxəssis olmaqla, tarixi rekord müəyyənləşdirib.
“Napoli”yə qədər Konte 2011/2012-ci, 2012/2013-cü və 2013/2014-cü illər mövsümlərində “Yuventus”u, həmçinin 2020/2021-ci illər mövsümündə “İnter”i çempionluğa daşımışdı.
Əlavə edək ki, 78 yaşlı italyan mütəxəssis Fabio Kapello da üç müxtəlif komanda ilə İtaliya çempionluğunu qazanıb: “Roma” (2000/2001), “Milan” (1991/1992, 1992/1993, 1993/1994, 1995/1996) və “Yuventus”la. Amma Kapellonun “qoca sinyora” ilə 2004/2005-ci və 2005/2006-cı illər mövsümlərində qazanılmış iki çempionluğu Turin təmsilçisinin rüşvət qalmaqalına bulaşması nəticəsində ləğv edilib.
Konte həmçinin 5-ci dəfə İtaliya çempionluğunu qazanmaqla, müvafiq göstəricidə üçlüyə daxil olub və italyan mütəxəssislər – Fabio Kapello və Marçello Lippi ilə bərabərləşib. İtaliya çempionatını daha çox qazanmış mütəxəssislər isə italyan məşqçilər – 6 qənimətlə Massimiliano Alleqri və 7 qənimətlə Covanni Trapattonidir.
“Napoli” 38 turdan sonra 82 xalla İtaliya A Seriyasını yarış cədvəlinni zirvəsində tamamlayıb. “Eşşəkciklər” 81 xal toplamış “İnter”i 1 xal qabaqlayıblar.
Əlavə edək ki, Neapol təmsilçisi tarixində 4-cü dəfə İtaliya çempionu olub.


