“Ştutqart” futbol üzrə Almaniya Kubokunun 2024/25 mövsümünün final oyununda “Arminiya”ya qalib gələrək 28 illik həsrətə son qoyub.
Arena.az xəbər verir ki, həlledici oyun Berlindəki Olimpiya stadionunda təşkil olunub.
Bilefeld “Arminiya”sı ilə oyuna möhtəşəm başlayan Bundesliqa təmsilçisi elə ilk hissədə 3 qol vurmaqla matçın taleyini həll edib. İkinci hissədə daha bir qol vuran elita təmsilçisi son dəqiqələrdə iki qol buraxsa da, ölkə kubokunun qalibi olub. Beləcə, sürpriz şəkildə finala yüksəlmiş 3-cü Bundesliqa təmsilçisi “Arminiya”nın bundan artığına gücü çatmayıb.
4:2 hesabı ilə qalib gəlmiş şvabiyalılar tarixdə 4-cü dəfə Almaniya Kubokunu qazanıblar. Bu komanda sonuncu dəfə 1997-ci ildə titula sahib çıxmışdı. “Arminiya” isə yüksəldiyi ilk finalda məğlubiyyət acısı yaşayıb.
Almaniya Bundesliqasının qalibi olmuş “Bayern”lə ölkə kubokunu qazanmış “Ştuttqart” avqustun 16-da Almaniya Super Kuboku uğrunda oyunda üz-üzə gələcəklər.
Almaniya Kuboku
Final
24 may
Arminiya – Ştutqart 2:4
Qollar: Kania, 82. Vaqnoman, 85-öz qapısına – Voltermade, 15. Millot, 22; 66. Undav, 28.


