İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümü başa çatıb və “Napoli” 82 xalla çempionluğu təmin edərək, qənimətə 4-cü dəfə sahib olub.
Arena.az İtaliya çempionatının yekunlarını təqdim edir.
“İnter” 81 xalla gümüş mükafatçı, “Atalanta” 74 xalla bürünc mükafatçı olub. 70 xal toplamış “Yuventus” isə çətinliklə də olsa, fəxri dördüncü pilləni tuta bilib. Yarış cədvəlinin ilk dördlüyündə yer almış bu komandlar – “Napoli”, “İnter”, “Atalanta” və “Yuventus” növbəti mövsümün Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaqlar.
73 yaşlı italyan qocaman mütəxəssis Klaudio Ranyerinin gəlişi ilə sürət yığmağa başlamış “Roma” yarış cədvəlini 69 xalla 5-ci pillədə başa vurub. “Canavarlar” Avropa Liqasına birbaşa vəsiqə əldə ediblər.
62 xalla 9-cu pillədə qərarlaşmış “Bolonya” da Avropa Liqasına birbaşa vəsiqə qazanıb. “Bolonya” İtaliya Kubokunu qazanmaq müvafiq hüququ əldə edib.
65 xalla 6-cı yeri tutmuş “Fiorentina” isə Konfrans Liqasının təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
18-ci “Empoli” (31 xal), 19-cu “Venesiya” (29 xal) və 20-ci “Montsa” (18 xal) İtaliya B Seriyasına yuvarlanıblar.
“Atalanta”nın 26 yaşlı italyan mərkəz hücumçusu Mateo Reteqi 25 qolla A Seriyasının ən sərrast qolçusu olub. Reteqinin hesabında 8 məhsudlar ötürmə də var. Beləliklə Reteqi qollar və məhsuldar ötürmələrin cəmi üzrə 33 xal toplayarq, mövsümün ən səmərəli futbolçusu olub.
“Napoli”nin 32 yaşlı belçikalı mərkəz hücumçusu Romelu Lukaku 10 məhsuldar ötürmə ilə müvafiq göstəricidə ən məhsuldar futolçu olub.
A Seriyasında mövsümün ən yaxşı məşqçisi “Napoli”ni çempionluğa daşıya bilmiş 55 yaşlı italyan mütəxəssis Antonio Konte olub.
Mövsümün ən yaxşı oyunçusu adını isə “Napoli”nin 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisinin Skott Maktominey qazanıb.
Ən yaxşı gənc oyunçu adına isə “Komo”nun 20 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas layiq görülüb.
A Seriyasında ən yaxşı qapıçı adını “Roma”nın 25 yaşlı serb qapıçısı Mile Svilar qazanıb.
Ən yaxşı müdafiəçi “İnter”in 26 yaşlı italyan mərkəz müdafiəçisi Alessandro Bastoni seçilib.
“Milan”ın 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reynders A Seriyasında mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.
“Sassuolo” və “Piza” İtaliya A Seriyasına yüksəliblər. Üçüncü bəxtəvər isə ələmə oyunlarından sonra məlum olacaq.



