Mateuş Koxalski Polşa millisinə dəvət aldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”da forma geyinən qapıçı Mateuş Koxalski Polşa milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova millisi ilə yoxlama oyunu keçirəcək. Sözügedən komanda iyunun 10-da isə səfərdə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Finlandiya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqust ayından “Qarabağ”da çıxış edir. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 27 oyuna çıxıb, 24 qol buraxıb, 13 matçda qapısını toxunulmaz saxlayıb.

Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.

Koxalski 2024-cü ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: