Braziliya millisinin 65 yaşlı baş məşqçisi Karlo Ançelotti “selesao”nun azarkeşlərinə səslənib, həmçinin oyunçularla bağlı məqama toxunub.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“Mənim üçün dünyada ən yaxşı komandanı çalışdırmaq böyük şərəf və fəxrdir. Mənim qarşımda böyük tapşırıq və nəhəng sevinc dayanır – Braziliyanın yenidən çempion olması üzərində işləmək. Gəlin, bunu birlikdə edək. Sizin hamınız bizə gərəksiniz”, – Ançelotti dərc edib.
İtalyan mütəxəssis məşqçilik dövrü ərzində çalışdırdığı braziliyalı oyunçuların keyfiyyətləri ilə bağlı məqama da toxunub:
“Ronaldo, onun texnikası nöqteyi-nəzərindən və həmçinin dünyada ən yaxşılardan biri olmaqla, mənim çalışdırdığım ən yaxşı oyunçu olub. Ən peşəkarı isə Kafu idi. Eder Militao – məni bolluca gülməyə məcbur etmiş kimsə olub, eləcə də “Vini” (Vinisius Junior). Hələ, mənim fikrimcə, “Vini” çox, çox təvazökardır. Mənim, onların hər biri ilə yaxşı münasibətim var. Onların hamısı məni təbrik etmək üçün (Braziliya millisinə təyinat münasibətilə – redaktorun qeydi) zəng etmişdilər.
Mən 34 braziliyalı futbolçunu çalışdırmışam, onların heç biri ilə fitnə-fəsad yaşamamışam. Ola bilsin ki, ancaq biri ilə, amma mən bunu məhz kiminlə yaşandığını deməyəcəyəm”, – “Globo Esporte” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Vurğulayaq ki, Karlo Ançelottinin qarşısında tək bir tapşırıq – “selesao”nu 2026-cı il dünya çempionatında çempionluğa çatdırmaq tapşırığı qoyulub.


