Nərgiz Əliyeva: “Yalnız qələbəyə köklənmişik”

Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Nərgiz Əliyeva UEFA Millətlər Liqasında Litva ilə matçdan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz sözügedən rəqibi ilə bu gün “Bayıl Arena”da üz-üzə gələcək.

Nərgiz Əliyeva AFFA-nın mətbuat xidmətinə açıqlamasında qələbəyə kökləndiklərini bildirib. Türkiyənin “Fatih Vətən” klubunda legioner həyatı yaşayan qapıçı yeganə düşüncələrinin 3 xal qazanmaq olduğunu bildirib:

“Litva ilə matçda yalnız qələbə qazanmaq barədə düşünürük. Komanda olaraq, sadəcə, buna köklənmişik. Yeganə düşüncəmiz 3 xal qazanmaqdır. Qrupda sonuncu oyunumuzu keçirəcəyik. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matça da yüksək motivasiya ilə hazırlaşırıq. Fikrimcə, psixoloji cəhətdən heç bir mənfi təsiri yoxdur”.

Nərgiz Əliyeva özünü matça tam hazır hiss etdiyini vurğulayıb: “Əlbəttə, qol buraxmamaq vacibdir. Amma bu, futboldur, bəzən qol vurursan, bəzən buraxırsan. O ki qaldı mənə, özümü tam hazır hiss edirəm”.

Bu gün Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva matçına saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: