Azərbaycan Kubokunda “Qarabağ” – “Sabah” finalı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün sonuncu oyunu – final qarşılaşması keçiriləcək.

Arena.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 19:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Finalda meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər bu mükafata sahib olub. “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibidir. Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir. Belə olacağı halda, Ağdam klubu həm də “qızıl dubl”a imza atacaq. Çünki Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olub.

Tarixində ilk dəfə Azərbaycan Kubokunda final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.

“Qarabağ”la “Sabah” kubokun finalında ilk dəfə üz-üzə gələcəklər. Əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb. Bu cütlük finallar tarixində 24-cü olacaq.

Finalçıların baş məşqçiləri də həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdir. Ağdam klubu ilə 6 kubok qazanmış təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir.

Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər. İndiyədək 16 mütəxəssis Azərbaycan Kubokunda belə uğura imza atıb.

Azərbaycan Kuboku
Final
31 may

“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: