Yüksək Qızlar Liqasında “Neftçi” hamıdan güclü oldu

AFFA-nın qadınlardan ibarət futbol komandaları arasında keçirdiyi Yüksək Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, mövsümün son oyununda “Neftçi” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, “Neftçi” çempionatda birinci, Zaqatala təmsilçisi “Dirçəliş” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub.

Matçdan sonra “Neftçi” Futbol Mərkəzində mükafatlandırma mərasimi keçirilib. “Dirçəliş” və “Sumqayıt” müvafiq olaraq gümüş və bürünc medallarla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub.

Həmçinin, fərdi mükafatçılar da müəyyənləşib. “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva 31 qolla Yüksək Qızlar Liqasında mövsümün ən məhsuldar oyunçusu olub. Paytaxt klubunun digər üzvü Ayşən Salamzadə mövsümün ən yaxşı oyunçusu, “Dirçəliş”dən Aytac Feyzullayeva isə ən yaxşı qapıçısı seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Həbib Ağayev, 17 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Nərgiz Qurbanova və “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer iştirak ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: