Lissabon “Sportinq”inin portuqaliyalı dayaq yarımmüdafiəçisi Dario Essuqo bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Zadəganlar” müqavilə əsasında “Sportinq”ə məxsus olsa da, son olaraq icarə əsasında “Las Palmas”da (İspaniya) çıxış etmiş 20 yaşlı futbolçu ilə 8 illik müqavilə imzalayıblar. “Çelsi”nin bu transfer üçün 22,27 milyon avro ödədiyi iddia edilir.
Dario Essuqo “Sportinq”in yetirməsidir. O, Lissabon təmsilçisinin əsas komandasında 25 oyun keçirib. Bir müddət Portuqaliyanın “Çaves” klubunda da icarədə olmuş yarımmüdafiəçi geridə qalmış mövsümdə “Las Palmas”da 27 oyuna çıxıb, 1 qol vurub.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında da oynamış Essuqo 2023-cü ildən U-21-də forma geyinir. Amma gənc futbolçuya hələ əsas yığmada debüt etmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



