“Sumqayıt” üç futbolçusu – müdafiəçi Miloş Miloviç, yarımmüdafiəçi Rövlan Muradov və hücumçu Momo Yansane ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər üç futbolçu ilə müqavilənin müddəti başa çatıb. “Sumqayıt” onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Rövlan Muradov 2023-cü ilin iyul ayından “Sumqayıt”da çıxış edirdi. 27 yaşlı futbolçu bu klubun əsas komandasında 69 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Qəbələ”də də forma geyinib.
Miloş Miloviç 2024-cü ilin sentyabrından “Sumqayıt”da idi. Monteneqrodan olan 29 yaşlı mərkəz müdafiəçisi bu klubun forması ilə 17 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, əvvəllər “Vozdovaç”, “Kom Podqoritsa”, “Navbahor”, “Hainiu”, “Priştina”, “Honka” və “Moqren” kimi klublarda çıxış edib.
Momo Yansane isə bu ilin yanvar ayında “Sumqayıt”a cəlb olunmuşdu. Qvineyadan olan 27 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 16 oyunda cəmi 1 qol vurub. O, əvvəllər “İsloç”, “Şerif”, “Nijni Novqorod”, “Torpedo” (Kutaisi), “Riyeka” və “Rabat” kimi klubların formasını tərlədib.
Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünü 33 xalla 8-ci pillədə başa vurub.


