Əslən Konqo Demokratik Respublikasından olan almaniyalı hücumçu Ba-Muaka Simakala bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib. Tam adı Çance Simakala Ba-Muaka olan futbolçu ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə Almaniyada “Borussiya” (Mönhenqladbax), “Elfersberq”, “Redinqhauzen”, “Kayzerslautern”, “Holştayn Kil” kimi klublarda forma geyinib, həmçinin Niderlandın “Roda Kerkrad” komandasında çıxış edib.
Ba-Muaka Simakala ötən mövsümü Almaniyanın 3-cü Bundesliqa təmsilçisi olan “Osnabryuk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Bar Koheni heyətinə qatmışdı. Sözügedən klub İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatmış müqaviləni yeniləyib. Vadim Abdullayev isə komandanı tərk edib.


