“Araz-Naxçıvan”ın mərkəz yarımmüdafiəçisi Qara Qarayev komandasının 2025/2026-cı illər mövsümünə hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın “Aris” komandası ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
İyunun 16-dan məşqlərini bərpa etmiş Muxtar Respublika təmsilçisi transfer çalışmalarına da ara vermir. Həm hazırlıq, həm də rəqiblə bağlı komandanın təcrübəli üzvü Qara Qarayev klubun rəsmi saytına açıqlama verib:
“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. “Aris” də həmçinin. Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa, məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq.
Yaxşı heyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”, deyə Qara Qarayev vurğulayıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” “Aris”lə ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.


