Qvardiola: “Biz Rodrini qorumağa çalışırıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in 29 yaşlı dayaq yarımmüdafiəçisi Rodrinin futbola qayıdışını şərh edib.

Arena.az xatırladır ki, təxminən 9 ay ağır zədədən bərpa keçmiş ispan “dayaqçı” 2025-ci il FIFA Dünya Kubokunun qrup mərhələsinin “Vidad”la 2-ci tur oyununda (2:0) meydana əvəzetmədən daxil olaraq, 26 dəqiqə oynayıb.

“Biz onu qorumağa çalışırıq. Zədəsindən təxminən 9 ay ötüb. Bu, uzun, uzun bir zədə dövrü idi. O, yaxşılaşır. Mən, onun oynamaq istədiyini, bizə kömək etmək istədiyini, yanımızda olmaq istədiyini bilirəm. Amma biz onu qorumaq istəyirik. Biz inanırıq ki, onun son oyunda keçirdiyi dəqiqələr, ümidvaram, sabah ona kömək edəcək. Ümidvaram ki, gələcəkdə o, oyunun elə, lap əvvəlindən oynaya biləcək”, – FIFA-nın rəsmi saytı 54 yaşlı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Rodri dizin çarpaz bağ zədəsi kimi çox ağır zədədən müalicə alıb.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2024/2025-ci illər mövsümündə Rodri “şəhərlilər” üçün 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 262 oyuna çıxıb, 26 qol və 31 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. İspan futbolçu həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib. Rodri 2024-cü il “Qızıl top”un qalibidir.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: