“Betis”in 23 yaşlı amerikan dayaq yarımmüdafiəçisi Conni Kardozo bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “döşəkçilər”ə 24 milyon avro məbləğ müqabilində başa gəlib.
Conni Kardozo əslən braziliyalıdır və Amerika Birləşmiş Ştatlarında doğulub. Conni hələ körpə ikən valideynləri Braziliyaya qayıdıblar. “İnternasyonal”ın futbol akademiyasına qoşulana qədər Kardozo “Avai” və “Krisiuma”da top qovub. Kardozo böyük futbola “İnternasyonal”da qədəm qoyub və 2020-ci ilin yanvar ayında əsas komandaya qoşulub. “Betis” isə Kardozonun karyerasında ilk Avropa, həmçinin əcnəbi klub olub.
Geridə qalmış mövsümdə Kardozo “Betis” üçün 46 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Conni ABŞ yığmasının heyətində çıxış etmək qərarını verib və əvvəlcə 2019-cu ilin oktyabr ayında U-23 yığmasında, sonra isə 2020-ci ilin noyabr ayında “yankilər”in əsas heyətində debüt edib. ABŞ yığmasında Conni 22 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Kardozo ABŞ yığması ilə CONCACAF Millətlər Liqasının 2022/2023-cü və 2023/2024-cü illər mövsümünün qalibi olub.
“Transfermarkt” internet portalı 23 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


