Coşua Kinq Səudiyyə Ərəbistanı klubunda – Rəsmi

Futbol üzrə Norveç millisinin sabiq vingeri Coşua Kinq bundan sonra Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparacaq.

Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Xalic”lə anlaşıb.

Tərəflər arasında 2 ilik müqavilə imzalanıb. Ötən mövsümü Fransanın “Tuluza” komandasında keçirmiş futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Coşua Kinq karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, “Preston Nort End”, “Hall Siti”, “Bləkbörn Rovers”, “Bornmut”, “Uotford”, “Everton”, Almaniyanın “Borussiya” (Mönhenqladbax), Türkiyənin “Fənərbağça” klublarında çıxış edib. O, 2024-cü ilin yayında qoşulduğu “Tuluza”da 30 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Norveçin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarında da oynamış Kinq 2012-ci ildə əsas millidə debüt edib. O, Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı vingerin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: