“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la ilk oyunundan gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.
Rəşad Sadıqov matçdan öncə təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:
“Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb, ölkəmizi, klubumuzu layiqincə təmsil etmək idi. Sabah ilk oyunumuza çıxacağıq. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız ideal formada olmasa da, ideala yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun təcrübəsinin azlığıdır. Hər ikimizdə də vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək”.
Rəşad Sadıqov Xorvatiya klubu barədə danışmaq istəməyib:
“Daha çox öz komandam haqda düşünürəm ki, sabah və cavab oyununda hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə bizim üçün uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək”.
Rəşad Sadıqov Salifu Sumanın “Zirə”dən getdiyini açıqladı, Rafael Utziqi siyahıdan sildi
Rəşad Sadıqov komandadan getməsi gündəmdə olan Rafael Utziq və Salifu Sumanın gələcək taleyi barədə də ətraflı məlumat verib:
“Suma bu gün komanda ilə vidalaşdı. Bir-iki həftə öncə razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Onu izləyəcəyik. İstəyərdim ki, karyerası bundan uğurlu olsun. Utziqə gəldikdə, o, komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Hazırda həm pul cəriməsi olunub, həm də 4 həftəlik əvəzedici heyətə göndərilib. Özü bilir. Növbəti nə tədbirlər görüləcəksə, bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar zamanı aldığımız təkliflərlə bağlı razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi.
Utziqi bağışlana bilərmi? Zaman göstərəcək. Hazırda onu komandamda görmürəm. Bizdə başqa futbolçuların da təklifləri var idi. Amma danışıqlar oldu, toplanışa gəldilər, sonrakı danışıqlarda komandada qaldılar, getmədilər. Amma bir futbolçu bir ay toplanışa gəlmirsə, görüşlərdə iştirak etmirsə, bir ay sonra düşərgəyə gəlirsə, cəzasız qalmamalıdır”.
Rəşad Sadıqov “Sabah”dan gəlmiş Vensan Till ilə Salifu Sumanın müqayisəsinə də münasibət bildirib:
“Həmişə çalışmışıq ki, möhkəm kollektiv formalaşdıraq. Hansısa futbolçu üzərində oyun fəlsəfəsi qurmamışıq. Sabah Sumanın yerinə meydanda olan oyunçular onu layiqincə əvəzləyəcəklər. Yeganə problem odur ki, Suma oynamayanda, bu periodda o mövqelərdə rotasiya olurdu. Amma son dönəmlərdə Suma artıq əvəzolunmaz sağ vinger idi. O baxımdan bizdən zaman alacaq. İnanıram ki, futbolçularımız onun yoxluğunu hiss etdirməyəcəklər. Tilə gəldikdə, 2 həftə əvvəl zədələndi və adını ərizədən çıxardıq. Qarşıdakı iki oyunda iştirak etməyəcək”.
“Rəhbərliyin siyasətini dəstəkləyirəm”
Rəşad Sadıqov Yeqor Boqomolski və Eldar Quliyevin durumuna da aydınlıq gətirib:
“3-4 həftə bizimlə birlikdə olmayacaqlar. Suma və Utziqin olmamasını nəzərə alsaq, Tili çıxarıb, Boqomolskini komandaya əlavə etdik. Müalicəsi necə gedəcək, ona baxacağıq. Belə olduqda bu tip itkilər məyus edir. Eldar, Boqomolski, Till… Hamısı hücum xəttinin oyunçularıdır. Fikrimcə, komandamız çətinlikləri sevir, bu, bizim futbolçulara motivasiya verəcək ki, çətinlikləri aşmaq lazımdır. Elə olan halda, qələbə zövqü daha çox olacaq.
Rəşad Sadıqov klubun transfer siyasətindən də söhbət açıb:
“Heç vaxt adlara, simalara, karyeralara fikir verməmişəm. Mənim üçün ən vacib futbolçunun əzmkarlığı, peşəkarlığıdır. Bəzən mətbuata göz gəzdirirdik, transferlərimiz tənqid olunurdu. Keçmişə boylansalar, hansısa iddialı oyunçu transfer etməmişik. Seleksiyamız həmişə bu şəkildə olub. Komandamızın da müəyyən imkanları var. Buna görə rəhbərliyə təşəkkür edirik. Biz imkana uyğun seleksiya qururuq. İllər boyu apardığımız seleksiya siyasətini davam etdiririk. İstəyərik ki, təcrübəli, ambissiyalı futbolçular transfer edək. Amma bəzi məqamlar da imkanlarla, komandanın yürütdüyü siyasətlə bağlıdır. Rəhbərliyimizi çox yaxşı tanıyıram. Stabil komanda formalaşdırıb və həmişə komandanın yanındadır, verilən sözlər həmişə tutulur. Əsas fəlsəfə odur ki, komanda addım-addım inkişaf etsin və stabil uğura doğru gedən klub olsun. Elə olmasın ki, 1-2 il uğurlu olsun, sonra bir neçə klubumuz kimi çempionatda olmasın, fəaliyyətini dayandırsın. Rəhbərliyin siyasətini dəstəkləyirəm”.
Rəşad Sadıqov oyunun onlar üçün heç də doğma olmayan 8-ci km stadionunda keçirilməsinə də toxunub:
“Əksinə, “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu periodda stadionda keçirilən oyunlar təhlükəlidir. İstidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun”.
Rəşad Sadıqovdan Nikola Yurçeviçlə bağlı sərt açıqlama
Rəşad Sadıqov sonda Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçi də Xorvatiya mətbuatına verdiyi açıqlamalara görə tənqid edib:
“Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə iki dəfə yer tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıblar. Bir yerdə də qeyd edib ki, “Zirə”də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır… Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda çıxış edib, burada bəlkə karyeran boyu verilməyən dəyər verilib. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”.
Rəşad Sadıqovla birgə mətbuat konfransına qatılmış “Zirə”nin kapitanı Qismət Alıyev də matçla bağlı danışıb:
“Hər iki komandanı vacib oyun gözləyir. Məşqçilər bizə məlumatları veriblər. Oyuna tam hazırıq. Ən yaxşısını etməyə çalışacağıq ki, ilk matçda istədiklərimizə nail olaq”.


