Qonsalo Qarsiya: “Zirə” ilə şanslarımız bərabərdir”

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” ilə ilk oyunundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, Xorvatiya və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Qonsalo Qarsiya bu gün ilk matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Avrokuboklar başlayır. Rəqabət aparmağa hazırıq. “Zirə” də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik. Sabahkı oyunda yaxşı nəticə istəyirik.

“Zirə”nin baş məşqçisi artıq uzun illərdir ki, komandasına rəhbərlik edir. Biz isə “Hayduk”da yeniyik. Bunlar vacib faktlardır. Rəşad Sadıqov 5 ildir ki, “Zirə”nin baş məşqçisidir. Komanda onun nə istədiyini bilir. Formalaşmış kollektivə qarşı oynayacağıq. Biz yeni komandayıq, tədricən formalaşırıq. İdeyaları həyata keçirmək üçün işləyirik. Demək ki, klub planlı şəkildə hərəkət edir”.

Qonsalo Qarsiya komandaların bərabər şanslara malik olduğunu vurğulayıb:

“Şanslar bərabərdir. “Zirə”də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Bizdə isə cavan və ac oyunçular var”.

“Hayduk”un baş məşqçisi bu yay karyerasını bitirmiş İvan Rakitiçin yoxluğuna da münasibət bildirib:

“Əlbəttə, Rakitiçin meydanda olması müsbət hal olardı. Top oyunçudan söhbət gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək. Belə oyunçunu itirmək keyfiyyəti aşağı salır”.

İspan mütəxəssis “Zirə”də xüsusi diqqət yetirdikləri oyunçunun olmadığını da vurğulayıb:

“Xeyr. Biz fərdlərə baxmırıq. Adətən rəqibə görə hazırlaşırıq. Rəqibdə güclü, təcrübəli oyunçular var. Georgi Papunaşvili, Junior Martinsin adını çəkə bilərəm. Keyfiyyətli oyunçulardır. Amma biz rəqibə kollektiv kimi hazırlaşırıq. Öz oyunçularımızın bacarığına fikir veririk”.

“Qonsalo Qarsiya “Hayduk”un son illərdə avrokuboklarda əvvəlki qədər uğurlu olmamasına da toxunub:

“Bu, reallıqdır. 15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir. “Hayduk” böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Biz hər dəfə sıfırdan başlayırıq, oyuna hazırlaşırıq. Keçmişdə nə baş veribsə, baş verib. Bu gün məşq edib, sabah oynayacağıq. Əlbəttə ki, bütün heyətin sərəncamında olması daha yaxşıdır. Yaxşı komandalar belə hallarda daha yaxşı çıxış etməlidir. Buna hazır olmalıyıq. Oyunçular fərqli səbəblərdən oynamırlar. Əlimizdə olan oyunçularla bu məsələləri aradan qaldırmağa çalışacağıq”.

Mətbuat konfransına qatılmış “Hayduk”un futbolçusu Filip Krovinoviç də matçla bağlı fikirlərini bölüşüb. 29 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Sabahkı oyuna hazırıq. İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkəniz barədə bir çox məlumatlar əldə etmişəm. Əsas hədəfimiz qələbə qazanmaqdır”.

“Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də, saat 19:30-da 8-ci km stadionunda baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: