Jül Kunde “Barselona” ilə yeni müqaviləyə imza atdı

Kataloniya nəhəngi “Barselona”nın 26 yaşlı fransalı sağ cinah müdafiəçisi Jül Kunde İspaniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir:

Tərəflər arasındakı yeni müqavilə 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Kundenin klubla əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayında bitəcəkdi.

Jül Kunde “Bordo”nun məzunudur. “Jirondistlər”in düşərgəsindən “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyul ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib.

Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kunde “blauqrana” üçün 1 oyuna çıxıb. Fransalı futbolçunun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 142 oyun, 7 qol, 18 məhsuldar ötürmədən ibarətdir.

Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 42 oyun keçirib.

Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kuboku (2024/2025) və Super Kuboku (2022/2023, 2024/2025) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: