Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubunda qol hesabını açıb.
Arena.az xəbər verir ki, 28 yaşlı hücumçu Super Liqanın 5-ci turunda “Butval”la görüşdə fərqlənib.
O, matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.
“Lalitpur Siti” 5 turdan sonra 6 xalla 7 komanda arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası əvvəlki oyunlarından üçündə heç-heçə edib, birində uduzub. Bu mövsümün əvvəlində yaranmış “Lalitpur Siti” ilk dəfə qələbə sevinci yaşayıb. Bir sözlə, futbolçumuz sözügedən klubun tarixinə düşüb.


