Yaponiya millisinin və İngiltərənin “Sauthempton” klubunun müdafiəçisi Yukinari Suqavara icarə müqaviləsi əsasında “Verder”ə keçib.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi 25 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Almaniya klubunun gələn yaya qədər 6 milyon avro müqabilində bu oyunçunun transfer hüquqlarını almaq şansı da var.
Yukinari Suqavara peşəkar karyerasına Yaponiyanın “Naqoya Qrampus” klubunda başlayıb. O, bir neçə il Niderlandda “Alkmar”ın da formasını geyinib. “Sauthempton” Suqavaranı ötən ilin yayında “Alkmar”dan 7 milyon avroya transfer etmişdi. Sağ cinah müdafiəçisi İngiltərə klubunun heyətində 35 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
Yaponiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Suqavara 2020-ci ildə əsas millidə debüt edib. O, Yaponiya millisinin heyətində 15 oyuna 2 qol vurub, 1 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.



