Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi Niko Kovaç Bundesliqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Xorvatiyalı mütəxəssis Dortmund klubu ilə yeni müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.
Xatırladaq ki, Niko Kovaç bu ilin fevral ayından “Borussiya”ya rəhbərlik edirdi. O, Dortmund təmsilçisini indiyə qədər 27 oyuna çıxarıb. Komanda bu görüşlərdə 16 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
52 yaşlı mütəxəssis daha öncə Almaniyada “Bayern”, “Ayntraxt” (Frankfurt) və “Volfsburq” klublarında da baş məşqçi kimi çalışıb. “Monako”nun da baş məşqçisi olmuş Kovaç, ölkəsinin U-21 və əsas yığmalarına da rəhbərlik edib.


