“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Sumqayıtda keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Gərgin oyun olacağı bilinirdi. “Sumqayıt” çempionata çox yaxşı başlayıb. Bilirdik ki, onlar “Qarabağ”a qalib gələndən sonra çox inamlıdırlar. Biz də xal qazanmaq istəyirdik. Real epizodlar yalnız zərbələrlə olurdu. Öz qapımızda qol görəndən sonra futbolçuların reaksiyası məni sevindirdi. Hesab 1:1 olandan sonra ən real epizodlar bizdə oldu. Hər iki komanda 1 xala layiq idi. Qarşıda millinin oyunları ilə əlaqədar fasilə olacaq. Daha yaxşı olmağa çalışmalıyıq. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq”.
Ayxan Abbasov iki hücumçu ilə oynamağa başladıqdan sonra daha uğurlu olmalarını da vurğulayıb və Edqar Adilxanovun çıxışına qiymət erib:
“İki hücumçu ilə oynamağı sevirəm. Yoxlama oyunlarında da bunu sınamışıq. Belə gedişlər olacaq. Edqar Adilxanovdan “Sabah”la matçda da razı qalmışdım. Gənc oyunçularda stabillik həmişə olmur. Hər şey nəzarətimizdədir. Edqarın böyük potensialı var. Onun gələcəkdə daha yaxşı olacağına inanırıq”.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə komandasının cari mövsümdək ilk xal itkisinə belə şərh verib:
“Çox çətin oyun oldu. Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda işlər mənim istədiyim kimi getmədi. Bəzən elə olur ki, yaxşı müdafiə də qol buraxır. Bu gün də adi bir vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə problemlərimiz oldu. Bu da uzun ötürmələrlə bağlı idi. Top ünvana çatmırdı.
Əslində, milli fasilənin yaranması bizim xeyrimizədir. Çünki, “Qarabağ”la matçda oyunçular yorulmuşdular. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla da bunu sübut etdilər. Qələbə seriyamız bitsə də, bu fasilə bizə lazım idi. Bu, hələ çempionatın əvvəlidir. Ancaq növbəti oyunu fikirləşirik. Hər oyunun çətin olacağını düşünürəm”.


