Yunus Musa “Milan”ı tərk etdi – “Atalanta”ya görə

Futbol üzrə ABŞ yığma komandasının və İtaliyanın “Milan” klubunun mərkəz yarımmüdafiəçisi Yunus Musa “Atalanta”ya keçib.

Arena.az bu barədə Berqamo klubunun rəsmi saytına istinadən məlumat verir.

“Atalanta” Musanı 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Sözügedən klub futbolçunun bir mövsümlük icarəsi üçün “Milan”a 4 milyon avro ödəyib. Mövsümün sonunda onun transfer hüquqlarının alınması üçün daha 24 milyon avro ödəmək lazım gələcək.

“Milan” Yunusu 2023-cü ilin yayında 21,2 milyon avroya İspaniyanın “Valensiya” klubundan transfer edib. 22 yaşlı futbolçu İtaliya klubunun heyətində 82 oyuna çıxıb, 5 məhsuldar ötürmə müəllifi olub.

Yunus Musa London “Arsenal”ının yetirməsidir. O, 2019-cu ildə azad agent kimi “Valensiya”ya keçib. Yarımmüdafiəçi La Liqa təmsilçisində 108 oyun keçirib, 5 qol və 3 assistlə yadda qalıb.

Musa 2020-ci ildə debüt etdiyi ABŞ milli komandasının heyətində 47 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: