İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Haland Premyer Liqada növbəti uğuruna imza atıb.
Arena.az xəbər verir ki, o, bu uğura ötən gün baş tutmuş “Arsenal”la matçda qol vurmaqla imza atıb.
Belə ki, 24 yaşlı hücumçu Premyer Liqadakı qollarının sayını 91-ə çatdırıb. Bununla da o, Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. Haland 1 qol daha vurarsa, Premyer Liqada ən çox qol vurmuş norveçli futbolçuya çevriləcək və Sulşerin rekordunu geridə qoyacaq.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 7 qol vurub.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 152 oyun, 131 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 45 oyuna 48 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


