Futbol üzrə Argentina millisinin və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS-də yeni rekorda imza atıb.
Arena.az bu barədə yarışın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, argentinalı futbolçu MLS karyerası ərzində 5-ci dəfə ayın ən yaxşı futbolçusu seçilib. Bu da çempionatda yeni rekord kimi qeydə alınıb. Messi iki il ərzində 5 mükafat qazanıb ki, bunun üçünü cari mövsümdə əldə edib.
Hücumçu həmçinin Karlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra MLS tarixində bir mövsümdə üç dəfə “Ayın oyunçusu” mükafatını qazanan üçüncü oyunçu olub.
Qeyd edək ki, argentinalı futbolçu oktyabrda meydana çıxdığı 3 oyunda 5 qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 43 oyuna 37 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 82 oyun, 71 qol və 37 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.


