Qurban Qurbanov: “Standart vəziyyətdən iki qol buraxmaq…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda meydan sahibləri 3:2 hesablı qələbəyə seiniblər.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Sonda 3 xalı qazanan tərəf olduq. Qarşımızda çox yaxşı müdafiə olunan, təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Azarkeşlər üçün maraqlı oyun alındı, bol qollu mübarizə oldu. Qələbə qazandığımız üçün sevinirik. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm ki, hər matçda bizim yanımızda olurlar, futbolçuları dəstəkləyirlər.

İki qol buraxmaq müdafiədə problem olduğunu deməyə əsas vermir. Hər iki qolu standart vəziyyətdən buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə, bu, təhlükəlidir. Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq”.

Qurban Qurbanov Mateus Koxalskinin mümkün ayrılığını da istisna etməyib:

“Hələ ki, rəsmi bir şey yoxdur. Danışıqlar gedir. Müqaviləsində bir bənd var və bu, bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanacağam”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:

“Maraqlı və gərgin oyun izlədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təəssüf ki, qolu erkən buraxdıq. Daha sonra rəqib standart vəziyyətdən ikinci topu vurdu. Bizim üçün sevindirici məqam odur ki, mövsümdə ilk qollarımızı vurduq. Biz də standart vəziyyətlərdən fərqləndik. Sona yaxın heç-heçə edə, 1 xal qazana bilərdik. “Qarabağ” kimi rəqibə qarşı uşaqlar yaxşı mübarizə apardılar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: