İtaliyanın “Yuventus” klubunun rəhbərliyi “byankoneri”nin 47 yaşlı xorvat baş məşqçisi İqor Tudor ilə müqaviləyə xitam verib.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
İstefaya komandanın cari mövsümdəki qeyri-sabit çıxışı səbəb göstərilib. Xorvat məşqçi ilə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə ləğv edilib. Klub Tudora xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, İqor Tudor “qoca sinyora”nı 2025-ci ilin mart ayında qəbul etmişdi. Xorvat mütəxəssis “byankoneri”nin sükanı arxasında 42 yaşlı braziliyaəsilli italyan mütəxəssis Tyaqo Mottanı əvəzləmişdi.
Tudor “Yuventus”u bu müddət ərzində 24 oyuna çıxarıb, 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət yaşayıb, top fərqi isə 39:29 nisbətindədir.
“Yuventus” İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünü 70 xalla 4-cü yerdə başa vurub. Cari mövsümdə isə komanda A Seriyasında keçirdiyi 8 oyunda 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüb.


