Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Maneul Noyer Münhen klubu ilə müqaviləsinin mümkün yenilənməsi haqda söhbət açıb.
Arena.az alman qapıçının müvafiq açıqlamasını təqdim edir:
“Mən müvafiq məsələdə sakitəm. Hazırda ən əsası, komandamızın nə etdiyidir”, deyə Noyer vurğulayıb.
“Bayern”in idman şöbəsinin rəhbəri Maks Eberl də kapitan Manuel Noyerin Almaniya nəhənginə verdiyini töhfə haqda söhbət açıb. Alman mütəxəssisin 39 yaşlı qolkiperlə bağlı müvafiq açıqlamasını təqdim edirik:
“Noyer əla kapitandır. O, komandaya böyük dəstək verir. Manuel son aylar ərzindəki inkişafımızda böyük rol oynayıb. O, “Bayern”in cari uğurlarına ciddi töhfə verib”, deyə Eberl vurğulayıb.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 14 oyuna çıxıb, 10 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 575 oyun, 469 buraxılmış qol və 271 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 39 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


