Mahir Emrelinin yoxluğunda “Holştayn” üzərində darmadağın

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 13-cü turu çərçivəsində “Holştayn Kil” ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” darmadağına sevinib – 4:1. Mahir bu oyunun iştirakçısı olmayıb. Ağır zədə səbəbindən ili erkən başa vurmuş azərbaycanlı futbolçunun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

13 turdan sonra 23 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 13 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: