“Traktor” ÇL-də üçüncü qələbəsini qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 5-ci turunda Özbəkistanın “Nasaf” komandası ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda təbrizlilər növbəti qələbəyə seviniblər – 1:0. Üçüncü qələbəsini rəsmiləşdirmiş İran çempionunun heyətində yeganə qolu 17-ci dəqiqədə Reqi Luşka vurub.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətər təmsilçisi “Əl-Dühail”ə qarşı keçirəcək. Bu oyun dekabrın 22-də baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Püşkatmanın nəticələrinə əsasən, “Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 11 xalla 3-cü pillədə qərarlaşıb. Təbrizlilər növbəti turlarda evdə “Əl-Sədd” (Qətər), səfərdə “Əl-Qarafa” (Qətər) ilə də qarşılaşacaqlar.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: