Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın “Hermanştadt” kollektivi ilə üz-üzə gələcək. Növbəti yoxlama görüşü isə yanvarın 17-də keçiriləcək. Həmin matçdakı rəqib isə Polşa təmsilçisi “Poqon” olacaq.
Qeyd edək ki, mövsümün qalan hissəsinə Antalyanın Belek bölgəsində hazırlaşan Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın təlim-məşq toplanışı yanvarın 18-də başa çatacaq.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.


